Yalçın qayaların üstündə laçın – Berdzor olmaqdan qurtulan Laçın



Nəşr edilib: 10:01 13/10/2021 Baxış sayı: 97
Müəllif:

“Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı”. Bu, 22 il öncə eyni kollektivdə – “Yeni Müsavat”da birgə çalışdığımız Azər Qaraçənlinin “Ay Laçın” başlıqlı yazısının ilk cümləsidir. Şedevr yazıydı.

Düz 21 il sərasər hər dəfə Laçının işğalının ildönümündə qəzetlər, saytlar bu yazını təkrar-təkrar dərc edərdilər. Təkcə laçınlılar yox, ölkə ərazisinin 20 faizinin işğalda olması faktını ürəyinə salanlar, bunun dərdini edənlər bu yazını yenidən oxuyar, kədərlənərdilər. Ağlayanlar da olurdu. Elələri olurdu, arvad-uşaq yanında ağlamış kimi görünməsin deyə hamam otağına keçir, üzünə iki qoşa ovuc su vurur, gözünün duru yaşını paytaxtın bulanıq texniki suyuna qarışdırır, hıçqırığını içində boğurdu.

Bu ölkədə yalnız bir adam vardı ki, o, il on iki ay efirdə, məclislərdə “Laçınım, Laçınım” deyə ürəyinin dərinliklərindən gələn bir səslə hayqırırdı. Onunku ağlamaqdan da betər idi. Məhəbbət Kazımovun, unudulmaz sənətkarımızın, dağlar oğlunun “Laçınım”ı üsyan idi. Aramızdan elə “Laçınım” deyə-deyə getdi rəhmətlik, yalçın qayalar yurdunun, səmada süzən laçınlar oylağının azad olunduğu günü görmədi. Laçın dərdi apardı onu.

55.jpg (11 KB)

Azərin daha kədərli cümləylə bitirdi: “Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı… O rayon indi yoxdu”.

O rayon indi var. İndi biz o rayondayıq. Dağı, düzü, dərəsi, təpəsi, örüşü, çayı, gölü, meşəsi yerindədir. Azdan, çoxdan evləri, bağ-bağatları da salamatdır. Düşmənlər buranı Ağdam və Füzuli kimi daşlı yerə, çınqıllı təpələrə döndərməyiblər, fikirləri o imiş ki, Suriyadan, Livandan, ordan-burdan qaçqın düşən erməniləri gətirib Laçında, Qubadlıda yerləşdirsinlər, buraları məskunlaşdırsınlar, mənimsəsinlər.

İşə baxın, bizimkilər bir yanı Ağcabədi, o biri yanı Mərdəkan, məmləkətin dörd bir yanında “Laçınım, Laçınım” deyə qovrulacaqdılar, amma yeddi min ağac o tərəflərdən gələn ermənilər “meru Berdzor” deyəcək, buralarda şad-şalayın, tutovka hortlada-hortlada dövran sürəcəkdilər…

Nə edəsən, şair Şərahil Laçın demişkən, bəylərin obası bayquşa qalmışdı, çiçəyi pərişan, gülü pərişan…
Laçında doğulmuş hər kəsin içində bir ağı dolaşırdı: “Bəlkə qayıtmadım, görmədim sizi, çəmənlər, əlvida, çöllər, əlvida”.

Çox adama buraları bir daha görmək qisməti olmadı. Adamlar nisgilli getdi.

Bu hicranın ömrü uzun çəkdi. Ömürlərdən ömür yedi Laçın həsrəti. Buradan qorxudan, təlaşdan böyüzm olmuş halda çıxan uşaqlar indi gicgahı ağarmış, oğul-uşaq sahibi olmuş yetkin adamlardır. Onların uşaqlığı çadır şəhərciklərində, vaqon düşərgələrində, dar-düdük yataqxana hücrələrində keçib, yal-yamac tanımayan, dağı-dərəni televizorda görüblər.

425fc77edce6a11.jpeg (90 KB)

Düşmən bu adamların təkcə yuvasını, obasını kor qoymayıb, zamanlarını qara gətirib, dövranlarını döndərib. Onlar sıldırım qayaların üstünə qonan laçınları, qızılquşları görməyiblər, cücə aparan çalağanlara daş atmayıblar, örüşlərdə çilingağac, top-top oynamayıblar, dizlərini yerə atıb bulağın gözündən su içməyiblər, Həkəriyə tilov atıb qızıl balıq (göy balıq, ala balıq) tutmayıblar, dikdirə çıxıb, səslərini başlarına atıb mahnı oxumayıblar. Onlar Laçını hər ilin may ayında ağılarda, bayatılarda anılan xəyali bir məkan kimi tanıyıblar.

Ata-anasının harada doğulub-böyüməsi əsas deyil, bir uşaq harada məktəbə gedərsə, hansı küçədə böyüyərsə, oralı olur, yetkin adam olanda oranın xiffətini çəkər, görmədiyi məkanların yox. Bir az da keçsəydi, Laçının xiffətini çəkənlər lap az qalacaqdı. Unudulacaqdı Laçın.

Bəs rəvadırmı bir zamanlar kəhər atların otladığı bu çöl-çəmən, bu yamac-dərə Vəng eşşəklərinə qalsın, qartalların qıy vurğuğu qayalara Berdzor keçiləri dırmansınlar, boz qurdların oylağında Sünik çaqqalları sümsünsünlər? Rəvamıydı?

443.jpg (42 KB)

O günlər geridədir artıq. Daha doğma yurdlarımıza qəlbi təpələrin başından binoklla baxmırıq, dağların ardında görünməz olan məkanları görmək üçün Quql-Örs xəritəsi açmırıq, onunla doğulduğumuz evlərin fundamentlərinin yerinə köks ötürə-ötürə tamaşa etmirik, Moskvada, Saratovda tanış olduğumuz ermənilərə bir ətək pul verib işğal altında olan kəndlərimizə göndərmir, əzizlərimizin qəbrini görək deyə qəbristanlığın videosunu çəkdirib gətirtmirik. İndi biz o yerlərin torpağında gəzirik, suyundan içirik, havasını sinəmizə çəkirik. Amma yenə də xaraba qoyulmuş yurdlarımızın ağrı-acısı sinəmizindən çəkilməyib, od düşmüş pambıq topası kimi için-için yanır. Bu, hələ bir müddət də gedəcək – ta işğaldan azad olunan yurdlarımızı güllük-gülüstanlıq edənə, abadanlığa çıxarana qədər.

Onda Laçın haqqında yeni mahnılar qoşulacaq və Azərbaycanın qərb qurtaracağındakı o rayon ölkənin qərb girəcəyindəki rayon olacaq.

243aff69-ff9b-40d5-a8d1-163617e34004.jpg (201 KB)

Taleyin qismətinə baxın, bir il əvvəl bu günlər interaktiv xəritədə böyüdüb-kiçildərək baxır, “Güləbirdi götürsək, Laçın yoluna çıxarıq” deyə xəyal editdik, bu gün həmin yerlərdə Həkəri çayına tilov atırıq…

Laçından geri dönəndə yol yoldaşlarımız şair Məmməd Arazın məşhur misralarını zümzümə edirdilər:

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Arxamca su səpir yoxsa buludlar?
Leysan, salamat qal, yağ, salamat qal!

Onlara dedim ki, siz siz olun, bir də heç zaman üzünüzü dağlara tutub bu cür vidalaşmayın. Düşər-düşməzi olur…


Рейтинг@Mail.ru