Dələduz məmurun zaman maşını



Nəşr edilib: 10:20 04/05/2021 Baxış sayı: 285
Müəllif:

Ermənistanın ən aqressiv, bizə qarşı faşist münasibətilə seçilən saytlarından birində dünən başlıq gördüm: “Füzulidə axtarışlar davam edəcək” (rus dilində). Xəbər rayon ərazisində həlak olmuş erməni əsgərlərin cəsədlərinin axtarışları mövzusundaydı.

Bu mənə maraqlı gəldi, çünki ermənilər uzun müddət, haradasa 30 ilə yaxın idi Füzuli rayonunun adını ağızlarına almazdılar. Əvəzində oraya uydurma “Vərəndə” (Varanda) adı qoymuşdular. Uydurma ona görə yox ki, belə yer adı ümumiyyətlə olmayıb. Xeyr. Sadəcə, Qarabağ xanlığının qədim 5 mahalından biri olan Vərəndə əslində heç indiki Füzuli ərazisinə düşmürdü, ondan şimalda, təxminən Hadrut bölgəsi hüdudlarında olmuşdu. Füzuliyə “uyğun gələn” mahal daha çox Dizaqdır. Şəxsən mənim fikrimə gələndə, rayona və dağıdılmış şəhərə Füzuli adının verilməsi də tarixi Qarabulaq toponiminə zərbədir, bunu haçansa bərpa eləməliyik. Arasbar adı da yaxşıdır. O cümlədən heç Vərəndə adının da ermənilərə dəxli yoxdur, qıpçaq tayfalarından biri olan berende-lərin adından gəldiyi ehtimalı var.

Düzdür, xəbərin içində erməni jurnalist yenə də bir yerdə “Vərəndə (Füzuli)” yazmışdı, ancaq müsbət irəliləyişi qeyd etməliyik. Deməli, bizim oraları azad eləməyimiz təkcə gələcəyimizi yox, tariximizi, keçmişimizi, toponimlərimizi də əsarətdən qurtarır. Halva-halva deməklə ağız şirin olmur. Gərək əziyyət çəkəsən, vuruşasan, vətənini qoruyasan, o zaman düşmən də vətənin adını qəbul edəcək. “Kitabi Dədə Qorqud” dastanında igidin böyüyüb hansısa qəhrəmanlıq göstərəndən sonra özünə ad qazanması kimi bir prosesdir. Basat olmaq üçün, gərək aslan südü əmib ovunu basasan, Buğac adlanmaq haqqı üçün buğanın dizini yerə gətirəsən. Yoxsa götür hansısa məmura yetmiş yeddi dəfə “Şərəf” ordeni ver, bununla şərəfi nə qədər artacaq? Yenə millət sağlığında onun özünə və nəslinə, öldüyündə goruna söyəcəkdir. Necə ki, vaxtaşırı belə proseslərə şahid oluruq. Nə tarixin, nə də xalqın qoyduğu qiymət, verdiyi dəyər süni şəkildə dəyişir.

Həmin erməni saytında Paşinyanın koronavirus peyvəndi olması xəbəri də vardı, orada Ermənistan rəhbərinin öz xalqını vaksinasiya üçün təşviq etməsi üsulu mənə çox gülməli göründü. Deyir, ay camaat, peyvənd olunmaq vacibdir, çünki tezliklə xaricdə, Qərb ölkələrində peyvənd olunmayanları əraziyə buraxmayacaqlar, gedə bilməyəcəksiniz. Adam ermənilərin perspektivsiz ölkədən baş götürüb qaçmaq arzusunu necə dəqiq tutubdur: “Vaksin olunun ki, sərhədlər açılanda qaça biləsiniz”.

Doğrusu, Ermənistanla sərhədin bəri üzündə də maraqlı əhavalatlar baş verməkdədir. Ondan yazmasaq, oxucular bizi riyakarlıqda suçlayar. Ağstafada böyük kəndlərdən birinin icra nümayəndəsini korrupsiya üstündə tutublar. Bu bədnam icraçı da məmurlarımızın günah çələnginin tam buketiylə suçlanır: dələduzluq, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətindən sui-istifadə və sairə. Yəni belə baxanda burada hansısa qeyri-adi hadisə yoxdur, gündəlik Azərbaycan əhvalatıdır. Canavarların ov arealı üzərində süpürləşməsinin təzahürüdür. Sadəcə, bu icra nümayəndəsindəki operativlik, iş sürəti heyrətamizdir. İttihama əsasən, dostumuz Ağstafada 2019-cu ilin fevralından başlayaraq çoxlu adamı “Sizi DOST mərkəzində işə götürəcəyəm” deyərək aldadıb, onların adına maaş kartı açıb, pulları mənimsəyibdir. Ölkəmizdə “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) sistemi prezidentin 2018-ci il avqust fərmanıyla yaradılıb. Yəni Ağstafadakı dostumuzun dələduzluğa başlamasından cəmi 5-6 ay öncə. Hətta ilk DOST mərkəzinin rəsmi açılışı 2019-cu ilin mayında olubdur! O da Ağstafada deyil, Bakının Yasamal rayonunda! Təsəvvür eləyin. Bir idarənin ilk ofisinin açılmağına hələ 3 ay var, sən isə artıq korrupsiya ilə məşğulsan. Gələcəyə səyahət edirmiş. Kinoda necə deyilirdi? Uşaqda fərasətə bax.


Рейтинг@Mail.ru