Sürpriz nişan



Nəşr edilib: 12:41 14/01/2021 Baxış sayı: 101
Müəllif:

Yaxud rusları niyə bəyənmirik

Deyir “Vatsap” bizim şəxsi məlumatlarımızı “Feysbuk”a ötürəcəkdir, buna görə etirazımızı bildiririk. 3-4 gündür Azərbaycan xalqı sosial şəbəkələrin daxili qaydalarında hansısa dəyişiklikdən dəhşət narahat olmuşdur. Özü də maraqlıdır ki, söyənlərin biri belə dəyişikliyin nədən ibarət olmasından xəbərdar deyildir. Ancaq elliklə internetə döşənib Mark Zukerberqin yeddi layka dönənlərini (“yeddi arxa dönən”in çağdaş formasıdır) söyməkdədirlər. Dünən bir az boş vaxtım vardı, əyləncə üçün “Play Market”in piştaxtasına girib “Vatsap”ın altından zəhmətkeşlərimizin yazdığı şərhləri oxuyurdum. Biri elə bu cür də yazmışdı: “Sənə xərclədiyim pullar burnundan gəlsin, Mark”.

Heç ABŞ seçkilərinə rus xakerlər barmaq eləyəndə Mərkəzi Kəşfiyyat İdarəsi bu dərəcədə əl-ayağa düşməmişdi. Məlum deyil uca millətimiz hansı şəxsi məlumatlarının aşkara çıxmasından qorxur. Şəxsən mənim heç bir şəxsi məlumatım yoxdur, bütün məlumatlarım hökumətimizə məxsusdur. O da istəsə həmin zadları Zukerberqə paylaşar, istəməz, paylaşmaz. Bizdə dövlət vətəndaşdan üstündür, hamımıza bu cür xoşdur. Belə boş şeyə görə niyə əsəbləşirik?

Halbuki, gələcəyə ümidlə baxmaq üçün, sevinmək, şadlanmaq üçün hər cür əsaslarımız vardır. Bu əsaslardan birinin videosu srağagün “Vətən müharibəsindən dönən əsgərə gözəl sürpriz” başlığıyla xəbər lentində paylaşılmışdı. Əsgər cəbhədən dönən kimi, heç evə çatmağa imkan verməyib elə avtovağzalda, dayanacaqda tutub sevdiyi qızla nişanlamışdılar. Qızın əynində Azərbaycan, Türkiyə, Pakistan bayraqlarıyla bəzənmiş don var idi, bir növ gəlinlik paltarını əvəz edirdi. Bu da bir daha göstərir ki, xalqımızın tarixən 2 problemi mövcud olmuşdur, bunlardan biri Qarabağ məsələsi idi, həll eləmişik, ikincisi də evlənməkdir. Hələ pandemiya-zad maneçilik törədir, yoxsa muğam ustaları, xalq artistlərimizdən ibarət çalğı alətləri orkestri birbaşa cəbhə xəttinə gedib əsgəri elə ordaca nişanlayardılar. Maşallah, bizdə elə oğul anaları var, əsl snayper kimi davranırlar. Qohum-əqrəbada, el-obada, qonşuda-qonumda hər hansı ərgən qız onların qartal baxışından yayına bilməz.

Birinci Qarabağ Müharibəsi zamanı bəzi əsgərlərimiz tankla qız qaçırtmaq, “BMP” ilə toy mağarına girmək, muzıkantları trayserlə oynatmaq kimi dərin el adətlərimizi nümayiş etdirmişdilər. Görünür bu dəfə dava qısa çəkdi, o cür fəaliyyətə vaxtımız qalmadı. Neynək, əsas odur əsgəri evə çatmağa qoymadan nişanlaya bilirik. Kinoda deyilən kimi, gələcəyin xoşbəxt ailəsinin təməli atılır. Rusiyalı sülhməramlılar, türkiyəli monitorinqçilər, ANAMA-nın minatəmizləyənləri və sairə yoldaşlar da belə gözəl mərasimlərə dəvət edilsə, bölgəmizdə mehribançılıq artar.

Yaxşı olar dövlət belə mərasimlərin təşkilini öz üzərinə götürsün, müəyyən özfəaliyyətlər yaranmasın. Məsələn, Müdafiə Nazirliyinin nəzdində əsgərlərin nişanlanması üzrə xüsusi idarə yaratsaq, nəyi pis olar? Abdulla müəllim o tədbirlərdə elə gözəl şeirlər deyər ki, gələcəkdə doğulan uşağın hər biri Koroğlu, Babək qeyrətli olar. O cümlədən, hərbi elçilik, xüsusi təyinatlı xınayaxdı, zirehli yengə taqımı, ağsaqqal öyüdü taboru, ağbirçək manqası və sairə birliklər, bölüklər yaradılması dövlətçiliyimizə uyğun olardı.

Sonda bir məsələyə də münasibətimi yazım, hərçənd çox ürəyimcə mövzu deyil. Ancaq uca xalqımızın rus qoşunlarının Qarabağda fəaliyyətindən yenə narazılığını görəndə dözmədim. Qardaş, axı bu cür ikili standartla necə yaşayırsınız? Uşağı hamısı rus sektoruna qoyur. Familiya rus familiyası, baxmayaraq sovetin dağılmağından 30 il keçir. İşləməyə Rusiyaya gedirlər. Bəzi rəqəmlərə görə 1 milyondan çoxumuz orda çörək qazanır. Ancaq iki-üç min rus əsgərinin bura gəlməyinə pis baxırıq. O nə pəhrizdir, bu nə alça turşusu?


Рейтинг@Mail.ru