Bir cüt dırnaq və ya Niaqarada olmaqla “Niaqara”da olmağın fərqi



Nəşr edilib: 12:40 14/01/2021 Baxış sayı: 54
Müəllif:

Başda təcrübəli jurnalist Xeybər Göyyallı olmaqla digər ağsaqqal və ağbirçək həmkarlarımı dilimizin qrammatikası mövzusunda silsilə yazılar yazmağa çağırıram. Çünki aktualdır, son illər qrammatik qaydalara uyğun yazmaq məsələsində xeyli axsamalarımız var.

Məsələn, artıq xüsusi isim, ümumi isim deyilən bir şey qalmayıb, kiçik hərflərlə başlanıb yazılmalı olan xeyli sözü böyük hərflərlə yazırlar. Konkret misallara keçək, “ticarət mərkəzi”, “yarmarka”, “hərbi-hava qüvvələri”, “informasiya agentliyi”, “mətbuat xidməti”, “kütləvi informasiya vasitələri” və s. kimi söz birləşmələri nəyə görə böyük hərflərlə yazılmalıdır? Bunlar ümumi isimlərdir, bəzilərini yalnız abbreviaturaya alanda böyük hərflər işlənə bilər – KİV, HHQ kimi.

Himalay, Nil, Baykal, Seyşel, Mərakeş, Hacıbala, Zərdab, Kələki isə xüsusi isimlərdir, hamı bilir ki, bunun biri dağ, biri çay, biri göl, biri ada, biri ölkə, biri adam, biri rayon, o biri də kənd adlarıdır. Demək, böyük hərflə başlanıb yazılmalıdır. Amma “hərbi hava qüvvələri” xüsusi isim deyil, bundan iki-üç aeroplanı olan ölkələrin hamısında var.

“Baş nazir” söhbəti də o qrafadandır. Məgər “baş” sözü xüsusi isimdir? Deyil. Ona qalsa, gərək “baş çoban” və ya “baş leytenant” ifadəsinin də birinci sözünü böyük hərflə yazaq. Ayrıca dünya baş nazirlərlə doludur, azı 200-ü hazırda işləyir, 1000-dən artığı da sabiqdir (evi yıxılmışı da nəzərə alsaq, elə dördü öz ölkəmizdədir).

Dırnaq işarələri məsələsinə də toxunaq. Artıq informasiya agentliklərinin və saytların çoxu bir şəxsə aid olan sitatları başlıqlarda dırnaq işarələri arasında vermirlər, belə verirlər: “Nikol Paşinyan: Bəzi məsələlər həll olunmayıb; Vladimir Putin: Normallaşma prosesi gedir”. Bu cür olmaz. Dırnaq işarələri olmasa, bunların sitat, yoxsa həmin şəxslərin karyera və səhhətinə aid gerçək durumu əks etdirən ifadələr olduğu bilinmir.

Orta məktəbdə bizə öyrədirdilər ki, bir şəxsin qoşa nöqtədən sonra verilən sitatı mütləq dırnaq işarələri arasında olmalıdır. Sonra müəllim nümunəni yazı lövhəsinə “V.İ.Lenin: ”Oxumaq, oxumaq, yenə də oxumaq” şəklində yazırdı, biz də bu şüardan xoşumuz gəlməsə də, başa düşürdük ki, belə olmalıdır (elə “oxumaq” felindən ellikcə xoşumuz gəlmədiyinə görə bu gün bu cür yazırıq).

Bəzi xüsusi isimləri dırnaqsız yazanda isə ciddi anlaşılmazlıqlar əmələ gələ bilər. Məsələn, kiminsə “Dünən ”Niaqara”da oturub, yaxşıca yeyib-içdik” yazmasıyla, başqa birinin “Dünən Niaqarada oturub yaxşıca yeyib-içdik” yazmasının arasında böyük fərq var. Adamin biri Bakının mərkəzində olub, o biri ABŞ-Kanada sərhədindəki Niaqara şəlaləsinin yanında. Arada 10-15 min kilometr məsafə var.

Əcnəbi adların bir neçə variantda yazılması problemi də aktualdır. 11-12 il öncə ABŞ-ın ölkəmizdə bir səfiri vardı, ad-soyadı azı 4-5 variantda yazılırdı: “Anna Dersi, Anna Dörsi, Enn Dörs, Ann Ders, Enn Dersi” və s.

Bu məsələdə orijinal dilin transkripsiyasına istinad olunmalı və həmin söz öz dilimizdə necə səslənirsə, elə yazılmalıdır. Biz hələ Qəzzafi-Qəddafi məsələsini çözməmişik. Sovet vaxtı Qəzzafiydi, indi əksəriyyət Qəddafi yazır. Təxminən 10 il öncə liviyalı üsyançılar polkovniki hərləyən ərəfədə “Mediaforum” saytı bir dilçidən soruşmuşdu, o da konkret cavab vermişdi, demişdi ki, “Qəzzafi” yazmalıyıq, çünki ərəb dilində həmin hərflər məhz “z” səsini ifadə edir. Dilçi alim ardınca demişdi ki, əgər Qəzzafiyə “Qəddafi” deyəcək və yazacağıqsa, onda gərək Zülfüqara da “Dülfüqar” deyək. Razılaşaq ki, ölkəmizdəki heç bir Zülfüqar, Zeynəb, Zümrüd, Zakir adlı adam istəməz ki, onun adını “D” ilə başlasınlar. “Bu, Zəm-zəm suyudur” yerinə, “Bu, Dəm-dəm suyudur” desək, biabırçılıq olmazmı?

Redaktə məsələsi isə çox mübahisəlidir, axırda gedib ədəbi zövqə dayanır. Oxumuş adamlar deyir ki, əsas məsələ lakoniklik və ifadəlilikdir. 3-4 sözlə məsələ bitməlidir.

Dünən bir agentliyin xəbərlər bülletenində belə bir başlıq gördüm: “Türkiyədə FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən hərbçilərin saxlanılması istiqamətində növbəti əməliyyat keçirilib”. Cəmi 12 söz.

Qardaş, “istiqamətində növbəti əməliyyat keçirilib” nə deməkdir, birdəfəlik “saxlanılıb” yazmaq olmazmı? Hətta o biri sözlərin də çoxuna ehtiyac yoxdur. “Türkiyədə hərbçilər saxlanılıb” yazmaq kifayətdir, onsuz da son illər Türkiyədə hərbçilərin nəyə görə saxlanıldığını hamı bilir.

P.S. Bəs siz bilirsiniz ki, bu ölkədə “Moskva” sözünü yeganə düzgün tələffüz edən məşhur adam kim idi?


Рейтинг@Mail.ru