Kəsilmiş görüntülərlə siyasi mübarizə



Nəşr edilib: 11:06 13/01/2021 Baxış sayı: 69
Müəllif:

“Siyasət çirkli işdir” deyilən bir ifadə var və bu söz sırf bizim günümüzdə olan ölkələr üçün keçərlidir. Düzdür, başqa ölkələrdə də siyasilər bir-birinə iftira, böhtan atır, şərləyir, qara yaxırlar, amma onlar bu xüsusda bizə, Şərq ölkələrinə çata bilməzlər.

“Şərq adlı bu xarabada”, bu coğrafi paralellərdə siyasətə baş vurmaq bataqlığa, lehməyə girmək kimi bir şeydir. Hakimiyyət üçün qan bataqlığına girən və girməyə hazır olan adamların çığırışdığı ölkələr var.

Əsl siyasətçi odur ki, öz fəaliyyəti boyunca rəqiblərinə böhtan, iftira atmaya, qara yaxmaya, sərt tənqid etsə də, onları şərləməyə. Varmı belələri? Azdır. Çox azdır.

Çoxları özünü saxlaya bilmir. Dünənə qədər hər cür iftiraya, təqib-təzyiqə məruz qalan şəxsin özü əlinə düşən ilk əlverişli fürsətdə məhz basqıçı rəqibi kimi hərəkət edir, başqalarına şər-böhtan atmağa çalışır.

Nəticədə insanlar mübarizənin heç də Xeyirlə Şər arasında getmədiyini, iki Şər arasında getdiyini görür, tərəf tutmur, umsuq şəkildə kənara çəkilirlər.

Xalq ona görə siyasi biganəlik göstərir ki, döyüşən qüvvələr arasında fərqi görmür – o da rəqibinə qara yaxır, bu da.

Bu, son illərdə daha bariz şəkildə ortaya çıxıb. Sosial şəbəkələrin siyasiləşmiş platfırmalarının Azərbaycan seqmentinə baxmaq kifayətdir ki, siyasi proseslərin necə bir iyrənc bataqlıqda getdiyini görəsən.

İndiyə qədər özlərini “haqq-ədalət carçısı” kimi aparan fəallar hər gün o qədər qeyri-obyektiv, mənşəyi məlum olmayan informasiyalar yayır, ədalətsiz statuslar, şərhlər yazır, yalanlar paylaşırlar ki, adam sadəcə mat qalır: yəni bu qədər yalan-palanla, iftira-böhtanla nəsə normal bir düzən bərqərar etmək olarmı? Əsla!

İndiyədək bir çox siyasət adamlarının, son olaraq isə Siyavuş Novruzovun başına gələn hadisə bir daha “siyasət çirkli işdir” deyiminin həqiqət olduğunu israrla deyənlərin haqlı olduğunu göstərdi.

Əslində S.Novruzov özü 1995-ci ildən, adı siyasət aləmində yeni-yeni çəkilməyə başlayandan bəri sevilməyən personalardandır. Müxtəlif illərdə onun ayrı-ayrı siyasətçilərə, xüsusilə də dövlət müstəqilliyimizin əldə olunmasında danılmaz xidmətləri olan tarixi şəxslərə qarşı yönəlik yöndəmsiz, rişxəndli fikirləri olub və buna görə o, mediada daima qınanıb, pislənib.

Amma bu haqq vermir ki, bir başqaları da onun videomüsahibəsində bir epizodun başını-ayağını kəsib, 10-15 saniyəlik bir fraqmenti muxtar şəkildə yayaraq adamı ağıldankəm, savadsız biri kimi təqdim etsin və buna istinad edən yüzlərlə adam sosial şəbəkədə onu hoydu-hoyduya götürsün.

Təəssüf ki, məhz belə oldu. Yalnız ertəsi gün videonun normal variantı ortaya çıxdı və aydınlaşdı ki, əslində Novruzov “su-ölçü-vedrə” söhbətində dilə gətirdiyi həm başqasının ifadəsidir, həm də ardınca o, ibrətlik bir cümlə işlədir, deyir ki, insan sədaqətinin yeganə ölçüsü zamandır, yalnız zaman ortaya çıxarır ki, kim sədaqətlidir, kim sədaqətsizdir.

Buna qədər yüzlərlə adam o video kəsiyini paylaşmış, minlərlə adam isə deputat haqqında həqarətli ifadələr işlətmişdi. Videonun tam variantını görməyənlər, görməzliyə vuranlar həmin “şedevri” paylaşmaqda, deputatı söydürməkdə davam edirlər.

Əmin ola bilərsiniz, bu video hələ bir neçə il də paylaşılacaq. Ona görə ki, insanların qərəzkarlıq mərəzi sağalan deyil. Novruzov qarşı siyasi düşərgədəndir, həmişə tərs-tərs danışır, vəssalam, indi yaxşı əlimizə düşüb, biz də onu belə edərik – hərəkətverici düşüncə budur.

Əksinə olsaydı, bu fraqmental video vicdanlı yanılma üzündən yayılsaydı, mütləq kimsə çıxıb deməliydi ki, dünən filankəsə qarşı haqsızlıq etmişik, əslində elə deyil. Şübhəsiz ki, öz dünənki hərəkətinin yanlış olduğunu dəlil-sübutlu şəkildə görənlər oldu, amma özündə cəsarət tapıb yanlışlığını etiraf edən olmadı.

Bizim seqmentdə belə şey yoxdur, bir adamı hədəf taxtasına çıxarıb söydürürlər, itdən alıb itə verirlər, ertəsi gün həmin şəxsə qarşı haqsızlıq edildiyi ortaya çıxır, amma heç kəs buna görə üzr istəmir. Olsa-olsa bəzi vicdanlı adamlar dünənki paylaşımlarını və şərhlərini silirlər.

Sonra başqa hədəf tapılır… sonra başqa biri… söydürmə proseduru permanent şəkildə davam edir.

Belə edənlər, bunu yeganə düzgün siyasi mübarizə üsulu sayanlar bir şey bilməlidirlər ki, zamanla “yalançının evi yandı, heç kəs inanmadı” məsəlində sözügedən “qəhrəman”a dönürlər.

Hər zaman obyektiv olmaqda, kor-koranə axına qoşulub, linçedənlər dəstəsinə qatılmamaqda fayda var.


Рейтинг@Mail.ru