Xroniki şantaj aksiyaları



Nəşr edilib: 13:09 08/08/2020 Baxış sayı: 120
Müəllif:

Ermənistan prezidentinin ölkə ərazisində Rusiya telekanallarının yayımının məhdudlaşdırılması barədə sərəncamı “Yada düşər xatirələr” silsiləsindən bəzi olub-keçənləri xatırlatdı.

Öncə hələ onu deyim ki, baş nazir Paşinyanın yanında prezident işləyən Sərkisyanın adını bilmək üçün Google-yə baxası oldum. Aramdırmı, Armendirmi, iki variant arasında qalmışdım. Armen çıxdı. Armen Vardanoviç. Heç demə, sabiq baş nazir Aram Sərkisyanla qarışdırırmışam. Nəysə, söhbət bunda deyil.

Söhbətin mövzusu odur ki, bu hadisənin – Rusiya telekanallarının Ermənistan ərazisində yerüstü yayımının prezident Armen Vardanoviçin sərəncamıyla dayandırılmasının Tovuz-Tavuş sərhədindəki müharibədən dərhal sonraya təsadüf etməsi, türkün sözü, çox manidar oldu.

Bəlkə də belə bir qərar çoxdan hazırlanırmış, qəti demək olmaz, amma indiki halda bu, rusları şantaj kimi çıxdı və 30-32 il öncənin hadisələrini yada saldı.

Əlbəttə, ovaxtkı xırda hadisələr bəlkə də çoxlarının yadında qalmayıb, nədən ki, təlatümlü dövr idi.

Deməli, o vaxt ermənilər əvvəlcə Xankəndidə, sonra İrəvanda yığışıb, “Miatsum-miatsum” deyə çığır-bağır salanda, biz də bu yanda hiddətləndik, “Torpaqdan pay olmaz” deyə mövqe sərgilədik, Kremldəki başbilənlər isə bilmədilər, nə etsinlər, necə eləsinlər. Hətta bu xüsusda SSRİ-nin böyüyü Qorbaçovla nikahlı arvadı Raisa Maksimovanın sözü belə düz gəlmirdi. Maksimovna maksimalist idi, deyirdi, gəl verək, Mixail Sergeyeviç deyirdi, qoy, görək.

Qarabağın ilk həmlə və iki mitinqlə ilə alınmadığını görən ermənilər sovet-rus rəhbərliyinə qəzəbləndilər, şantaja keçdilər, sonrakı mitinqlərdə şüar qaldırdılar ki, “Ermənistan SSRİ-dən çıxır”.

Kremldəkilər bu məzmunlu transparantlardan çox əndişələnmədilər, çünki bilirdilər ki, hansı müttəfiq respublika SSRİ-dən çıxsa da, ermənilərdə o hünər yoxdur, sadəcə, şantaj edirlər. O biri respublikaların hansında belə bir qələt edilsəydi, rus tankları gecəylə ora girərdilər. Amma SSRİ-dən qopmaq istəyən ermənilərə bir söz deyən olmadı.

Bir az keçdi, bu dəfə ermənilər mərkəzi televiziyanın Moskva vaxtıyla hər gün saat 21.00-da (bizim vaxtla 22.00-da) bütün SSRİ ərazisinə translyasiya olunan “Vremya” (“Zaman”) proqramının yayımını Ermənistan ərazisində dayandırdılar.

Bu, bir ilk idi. SSRİ-də televiziya olalı heç kim heç zaman “Zaman”ın yayımını dayandırmaq cürətində olmamışdı. Başqa vaxt olsa, bu hərəkətə görə, ölkənin 1-ci, 2-ci, 3-cü adamlarını, Stalinin vaxtıdırsa, güllələyər, Xruşovun dövrüdürsə, işdən götürər, Brejnevin dönəmidirsə, işdən çıxarmaqla kifayətlənməz, partbiletlərini də əllərindən alardılar. Amma Qorbaçovun dövrüydü, ona görə də ermənilərə yenə bir söz deyən olmadı, Qorbaçov eləcə yüngülcə əsəbiləşdi və “Boq s nimi” (bizim dildə desək, “Allahları bilsin” və ya “onları Allaha tapşırıram”) kimi bir şey dedi.

O, bunu bir dəfə də Spitak zəlzələsi zamanı demişdi. Çökmüş binaların panelinin altından çıxarılan yaralı ermənilər, onları ziyarətə gəlmiş baş katib Qorbaçovdan və baş nazir Rıjkovdan Qarabağın taleyini soruşmuşdular, M.S. da üzünü turşutmuşdi ki, rəhmətliyin uşağı, qara gündəsiniz, Qarabağ yeridirmi?

Elə bilirsiniz, ermənilərin Kremldəki ağsaqqalları şantaj etmələri bununla qurtardı? Xeyr. Gərək ki, 1990-cı ilin ortalarıydı, xəbər çıxdı ki, ermənilər Sovet İttifaqı Kommunist Partiyasının mətbu orqanı olan “Pravda” qəzetinin teletayp üsuluyla Ermənistanda nəşr olunan nüsxələrini diricə tabutlara doldurub aparıblar gorxanaya və təntənəli, nümayişkarənə şəkildə basdırıblar. Yəni biz Qarabağı bizə verməyən partiyanın qəzetini oxumuruq.

Başqa vaxt olsaydı, bu hərəkətin üstündə də xeyli adamı tutardılar, amma ermənilər ərköyün balaca qardaş olduğuna görə onların xətirlərinə dəymədilər, Kreml anlayış göstərdi, fikirləşdi ki, Qarabağ boyda dərdləri var, nə etdiklərini bilmirlər.

4 il əvvəlki Aprel döyüşlərindən sonra da ermənilər yenə umu-küsü moduna girdilər və rusları şantaj etməyə başladılar ki, nədən gəlib Cocuq Mərcanlıda kömək etmədiniz, Lələtəpə əldən getdi.

İndi də belə… Allah bilir, bir azdan daha nələr edəcəklər.

Ancaq bir iş var: 31 il öncə 15 respublikadan ibarət olan SSRİ-ni ilk tərk etmək istəyən Ermənistan Rusiyanın dizinin dibindən ayrılmadan qalan yeganə respublikadır.


Рейтинг@Mail.ru