Köhnə vali gedər, yenisi gələr, əhali sevinər, durum dəyişməz…



Nəşr edilib: 16:10 08/08/2020 Baxış sayı: 263
Müəllif:

Bir məşhur rəvayət var: deyir, qədim vaxtlarda uzun illər bir vilayətə rəhbərlik edən vali çox əzazil adam olub, tamahkarmış, xalqı soyub-talayırmış, gözü sərvətdən doymurmuş və xalq onun əlindən cana-boğaza yığılıbmış. Hamı oturub gözləyirmiş ki, bunun zülmünə nə vaxt son qoyulacaq.

Nəhayət, bir gün şəhərdə söz yayılır ki, padşah fərman verib, zalım valini vəzifəsindən çıxarıb, yerinə başqasını göndərir. Şəhər əhli sevinir, şadyanalıq edir və şəhərin müdrik ağsaqqalının üstünə muştuluğa gəlirlər ki, bəs acgöz vali getdi, yerinə başqası gəlir. Ağsaqqal sevinənlərə deyir ki, hələ bir siz gedin, yeni valini qarşılayın, baxın, görün, ağzı varmı? Deyirlər: “Ağsaqqal, ağızsız insan olarmı? Əl-əlbət, onun da ağzı var”.

Müdrik qoca söhbətə nöqtə qoyur: “Ağzı varsa, demək, o da yeməyə gəlir, çox da sevinməyin”.

Bu, o deməkdir ki, həmin vilyayətdə yeni valinin tamahkarlığını, acgözlüyünü məhdudlaşdıran heç bir mexanizm yoxdur və onun gəlib vilayətdə necə işləməsi öz insafına qalıb. O da ki insan oğludur, ağzı var, tamahı var, deməli, bir acgözün vəzifədən getməsinə sevinmək tezdir, yerinə gələn də böyük ehtimalla elə olacaq.

Ta qədim dövrlərdən bəri bu məsələ aktualdır və dövləti idarə edən kadrlar heç bir dövrdə nəinki ideal olmayıblar, hətta məmuriyyət həmişə haqlı yerə qınaq, töhmət hədəfi olub.

Düzdür, arada Stalin kimi daha əzazil dövlət başçısı olub və öz rüşvətxor, əliəyri məmurlarını sərt cəzalandırıb deyə onun vaxtında korrupsiya və rüşvətxorluq o qədər də çiçəklənməyib. Amma tarixi məxəzlərin dərinliyinə baş vuranda görürsən ki, Stalinin vaxtında da vəzifə adamları heç də zahidanə (asketik) həyat tərzi sürməyiblər, kifayət qədər komfort içində yaşayıblar, camaat aclıq çəkəndə onların yüksək kalorili, delikates qidalara əlləri çatıb, əmanət kitabçalarında iri məbləğli vəsaitlər olub.

Bir hakimiyyət komandasının öz daxilindəki neqativ halları, korrupsioner və rüşvərxorların olduğunu, onların dövlət büdcəsini talamasını, xalqın cibini soymasını etiraf edib-etməməsindən asılı olmayaraq, bunlar reallıqdır, danmağın xeyri yoxdur.

Son dönəmlərdə dövlət rəhbərliyi ayrı-ayrı strukturlardakı əyər-əskiklikləri dilə gətirir, təsərrüfatsızlıqdan, səriştəsizlikdən, neqativ hallardan danışır. Sonuncu müşavirədə də bu mövzuda danışıldı.

Bir neçə ay əvvələ qədər jurnalistlər bu mövzuda yazardılarsa, onları böhtançı adlandırar, məhkəməyə verərdilər. Amma eyni sözləri dövlət başçısı deyəndə susurlar.

Əslində isə dövlətə aid şirkət və konsernlərdə ciddi korrupsiya, mənimsəmə, yeyinti faktlarının olduğu ictimaiyyətə çoxdan bəllidir və ictimai yerlərdə çoxları bu barədə danışır. Əgər bu faktlar ictimaiyyətə bəllidirsə, demək, dövlətin sütunlarını qorumağa borclu olan strukturlara dünəndən məlumdur. Fəqət biz nə görürük? Hərəkətsizlik, ətalət.

Məsələn, dövlət şirkətlərinin birində xaricdən alınan 3 milyonluq avadanlığın 12 milyon dollara sənədləşdirildiyi, artıq qalan 9 milyonun mənimsənildiyi barədə hələ keçən ilin fevralında mediada qeydlər getmişdi. Bildirilirdi ki, bu maxinasiyaya qol qoymaq istəməyən idarə rəisi deyib ki, insafınız olsun, heç olmasa avadanlığı 4-5 milyona sənədləşdirin, 1-2 milyon qazanın, daha 9 milyon yox. Həmin şəxs o korrupsiya əməliyyatında iştirak etməyib, ərizəsini verib, işdən çıxıb, yerinə təyin edilən şəxs isə sənədə imza qoyub, öz payını alıb və iş bitib.

Sonra da oturub fikirləşirik ki, dövlət şirkətləri, konsernləri və sair müəssisələri niyə rentabelli işləmirlər, dövlət dotasiyası ilə fəaliyyət göstərirlər.

Yuxarıda yazdığmız kimi olandan sonra hansı mənfəətdən söhbət gedə bilər? Dövlətin, şirkətin pulları ayrı-ayrı vəzifəli şəxslərin cibinə axırsa, oradan da xairicə daşınırsa və oralarda böyük biznes layihələri üçün mayaya, sərmayəyə çevrilirsə, dövlət və şirkət, əlbəttə ki, zərərə düşəcək.

Lap tutaq ki, həmin şəxsləri bircə-bircə ifşa edib yüksək vəzifələrindən götürdülər (əslində bu, çox vacibdir, mütləq həyata keçirilməlidir və təkcə vəzifədən götürməklə kifayətlənmək olmaz, elələri məsuliyyətə də cəlb edilməlidir), onların yerinə gələnlər necə olacaq? Axı birinci abzasda bəhs etdiyim kimi, onlar da insan oğludur, hamısının ağzı, nəfsi var və hamısı komfort, təminat içində yaşamaq istəyir.

Demək, düşünüb, daşınıb, məmurların, maddi-məsul şəxslərin nəfsini tormozlayacaq mexanizm tapmaq lazımdır, elə etmək lazımdır ki, onların əlləri sonadək gipsdə qalsın, əyilməsin.


Рейтинг@Mail.ru