Masallıda üç nəfərin güllələndiyi dəhşətli cinayət bu evdə baş verib – VİDEO



Nəşr edilib: 8:30 27/02/2020 Baxış sayı: 629
Müəllif:

Masallıda ər öz arvadı, qaynı və qayınanasını güllələyib.

Baku TV xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Sarvan Ağayev ov tüfəngi ilə həyat yoldaşı – 1999-cu il təvəllüdlü Alimə Nəbiyevaya, qaynı – 1995-ci il təvəllüdlü Miralim Nəbiyevə və qayınanasına ov tüfəngi ilə atəş açıb.

O, daha sonra odlu silahla özünə xəsarət yetirib. Nəticədə, həyat yoldaşı və qaynı aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Sarvan Ağayev özü ağız boşluğundan güllə yarası alıb. O, yaraladığı qayınanası, 1977-ci il təvəllüdlü Zemfira Ələsgər qızı Nəbiyeva ilə birgə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının dediyinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Bir müddət əvvəl Alimə Nəbiyeva boşanmaqla bağlı məhkəməyə müraciət edib.

Dünən isə tərəflər cehiz əşyaları aparmaq üçün razılığa gəliblər. Gəlinin ailə üzvləri bu gün Sarvan Ağayevin evindən əşyaları çıxaran zaman qanlı hadisə baş verib.

Qeyd edək ki, ailənin iki azyaşlı övladı var və Sarvan Ağayev əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Рейтинг@Mail.ru