Aleksandr Duqin: “Azərbaycan özünü çox rasional aparır“ – MÜSAHİBƏ



Nəşr edilib: 19:47 07/02/2020 Baxış sayı: 363
Müəllif:

Aleksandr Duqin: “Azərbaycan özünü çox rasional aparır“ - MÜSAHİBƏ

Ötən gün fevralın 6-da Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin yeni tərkibinin seçilməsini ehtiva edən Konstitusiya dəyişikliklərini nəzərdə tutan referendumla bağlı qanun layihəsini qəbul edib. Ermənistanın Baş naziri Nikol Paşinyan çoxdandır onun nəzarətində olmayan Konstitusiya Məhkəməsinə qarşı mübarizə aparır. Layihənin lehinə 88, əleyhinə 15 deputat səs verib, bitərəf olmayıb. Bundan başqa, “Sputnik Armenia”nın xəbərinə əsasən, “Çiçəklənən Ermənistan” fraksiyası səsvermədə iştirak etməyib.

Hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makuntsun jurnalistlərə verdiyi məlumata görə, referendum martın sonu – aprelin əvvəlində keçirilə bilər. Bütün bunlar – Ermənistanda dərin böhranın təzahürüdür. Və Nikol Paşinyan aprel ayına qədər vəzifəsində qalacaqmı? Bu, böyük bir sualdır. Ermənistanda tezliklə yeni çevriliş olacağının mümkünlüyündən danışılır. Məsələn, ümumerməni “Sasna Tsrer” Partiyasının katibliyinin koordinatoru Varujan Avetisyan belə bir bəyanatla çıxış edib.

Media.Az üçün vəziyyəti siyasi elmlər doktoru, rusiyalı filosof və publisist, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin şərh edib.

– Ermənistanda getdikcə daha tez-tez hakimiyyət böhranı, “növbəti çevriliş” imkanı barədə danışırlar…

– Düşünürəm ki, Ermənistanda vəziyyət Nikol Paşinyan üçün heç də ən əlverişli şəkildə inkişaf etmir. Anlamaq lazımdır ki, Ermənistan kifayət qədər resurs olmadan suveren dövlət statusu əldə edib. Ermənistandakı istənilən siyasətçi çox məhdud imkanlara malikdir. Rusiyanın və ya Qərbin xeyrinə öz suverenliyindən imtina etmək? O, dərhal etibarını itirəcək. Lakin Ermənistan Respublikasının suverenliyinin əsas qarantı məhz Rusiyadır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) və Avrasiya İqtisadi Birliyində (AİB) iştirak bununla əlaqədardır. Bundan başqa, Rusiyada yaşayan nəhəng erməni diasporu amili də var. Odur ki, Ermənistan Qərbdən daha çox Rusiyadan asılıdır.

Bütün bunlar istənilən (erməni – red.) siyasətçi üçün siyasi manevrləri məhdudlaşdırır. Nikol Paşinyan vektoru dəyişdirməyə çalışmaqla başladı. Bununla da o, suverenliyinə müəyyən qədər zərbə vurdu və hətta öz mövqeyini dayanıqsız etdi. Əlbəttə, Ermənistanda millətçilik yüksəkdir, lakin Nikol Paşinyan resursları azaldıb. Sözlərdə suverenlik nə qədər çoxdursa, əməldə bir o qədər azdır.

Bu ziddiyyət vəziyyətə təsir etməyə bilməzdi. İndi Ermənistanın Qərbə getməsi tamamilə uğursuz bir fikirdir. Orada Rusiyanın verdiyi resursları kompensasiya etməyəcəklər. Bundan əlavə sirr deyil ki, Qərb böhran içindədir. Nikol Paşinyan öz siyasətində məhdudlaşıb. Bundan əvvəlki Ermənistan rəhbərləri də oxşar vəziyyətdə idi. Ermənistan qarşısını almaq mümkün olmayan bir neçə məhdudiyyət arasında bağlı qalıb.

– Bəs Qarabağ?

– Qarabağ – dalandır (Paşinyan üçün – red.). Nə Rusiya, nə Qərb, nə də Azərbaycan Yerevana tərəf getməyəcək. Hətta Dağlıq Qarabağın (DQ erməni icması – red.) nümayəndələrinin danışıqlar prosesinə qoşulması məsələsində də. Bəli, Ermənistanda belə arzu var. Ancaq niyə ağıllı heç nə eşitmədik?

Beş rayonun Azərbaycana qaytarılması (erməni tərəfi tərəfindən – red.) barədə razılaşma mövcud idi. Bu, Dağlıq Qarabağ probleminin həllinə başlamaq üçün əla plan idi. Nikol Paşinyan bu təklifi özündən kənarlaşdırdı və ona qayıtmaq istəmir. O, millətçilərin tərəfini tutdu, Rusiyanı tənqid etdi. Nəyə nail oldu? Paşinyanın ölkəsində çətin bir vəziyyət yarandı.

 Bəs siz Azərbaycanın mövqeyi barədə nə düşünürsünüz?

– Azərbaycan isə çox rasional davranır. İham Əliyev siyasi proseslərin məharətlə dərkini nümayiş etdirir. Bakı səhv etmir və qalib gəlir, daha çox xal qazanır. Nikol Paşinyan üçün kömək yalnız Azərbaycanın mümkün səhvlərinə görə gələ bilərdi, ancaq səhvlər olmadı və yoxdur.

Razılaşmaların pozulması kimin xoşuna gələ bilər? Buna görə Rusiya yavaş-yavaş və ehtiyatla Nikol Paşinyana doğru yanaşır. Ermənistan baş nazirinin çıxış yolu azalır. Ancaq məsələ hətta Paşinyanda da deyil. Qarabağ ətrafında vəziyyətin sərbəst olması istənilən erməni lideri üçün qaçılmaz olmalıdır. Dağlıq Qarabağ ətrafındakı 5 rayonun geri qaytarılması Paşinyana kömək edə bilər. İstənilən halda, Rusiyanın İrəvana münasibəti yaxşılığa doğru dəyişərdi. Türkiyə ilə də bəzi proseslər başlaya bilərdi. Bu jesti etmək vaxtı çatıb. Bunu Ermənistanda kimin etməsindən asılı olmayaraq addımın özü, əvvəllər əldə edilmiş razılaşmaların gözlənməsinin təsdiqi vacibdir.

Güman edildiyi kimi, Nikol Paşinyan “devrilib” və yerinə yenidən anlaşmaya əməl etməyən yeni bir insan gəlsə, onun hakimiyyəti daha da qısa olacaq. Qarabağla bağlı konsensusa gəlmək lazımdır, bu aydındır. Kim inad etsə –  Ermənistan üçün daha da kritik bir vəziyyət yaradacaq.


Рейтинг@Mail.ru