2 ölüm işində adı keçən Qoçqaninin iddiası etiraz doğurdu



Nəşr edilib: 10:00 06/09/2019 Baxış sayı: 466
Müəllif:

2 ölüm işində adı keçən Qoçqaninin iddiası etiraz doğurdu

İctimai vəkil: “Sirus Qoçqani kompleksli auditoriyanın etibarından sui-istifadə edir”

Xəbər verdiyimiz kimi, “Baku Medical Plaza”da plastik əməliyyatlar gerçəkləşdiriən Sirus Qoçqani Xətai Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edib və ictimai vəkil Samir Zeynalovun cərimələnməsini, onun barəsində mətbuatda yazılanların təkzib edilməsini istəyir. İddia üzrə baxış sentyabrın 12-də, hakim Aygün Həsənovanın sədrliyi ilə keçiriləcək.

Bununla bağlı “Yeni Müsavat”a müraciət edən ictimai vəkil Samir Zeynalov iddianın əsassız olduğunu və bununla bağlı məhkəməyə etiraz təqdim etdiyini bildirib.

“Sirus Qoçqani vəkili Sima Yaqubova vasitəsilə barəmdə məhkəməyə müraciət edərək onun işgüzar nüfuzuna ziyan vurduğumu və  bu səbəbə görə də mənəvi zərərə uğradığını iddia edib. Buna görə  mənəvi zərərin ödənilməsi tələbini irəli sürür. İddia ərizəsinin  mətbuatda dərc edilmiş söz yığnağından ibarət məzmunundan görünür ki, tələb iddia ərizəsinin heç bir hissəsində əsaslandırılmayıb. Eləcə də iddia tələbi üzrə sübutetmə vəzifəsi həyata keçirilmədiyindən iddia ərizəsi tərtibatına,  predmetinə görə naşı və əsassızdır. Bu səbəbdən  dolayı da belə hesab edirəm ki, iddia ərizəsi birmənalı olaraq bütövlükdə rədd edilməlidir.

Mən mərhumə Sona Gürgün Vəliyevanın ölüm səbəblərinin qanunla müəyyən edilmiş çərçivədə araşdırılması, ailəyə dəymiş mənəvi ziyanın klinika tərəfindən ödənilməsi, eləcə də İranın Azərbaycandakı  səfirliyinin təkzib edilməyən bəyanatı təməlində cərrah olmadığı qeyd edilən Sirus Qoçqaninin cinayət hüququ müstəvisində məsuliyyətinin müəyyən edilməsi istiqamətində qanuni iş aparıram”, – deyə Samir Zeynalov məhkəməyə təqdim etdiyi etirazında qeyd edib.

2 ölüm işində adı keçən Qoçqaninin iddiası etiraz doğurdu

Samir Zeynalov

İctimai vəkil Sirus Qoçqaninin vəkilinin iddia ərizəsində “Həkim Sirus Qoçqani fəaliyyəti ilə bağlı öz peşəsi üzrə illərdir gərgin əmək sərf etmiş, peşəkar cərrah kimi tanınmış və nüfuz qazanmışdır” sözlərinə diqqət çəkir: “İddiaçının vəkili müvəkkilini səmərəsiz şəkildə reklam etməklə absurd mülahizəyə yol vermiş, həqiqəti təhrif etməkdə maraqlı olub.  Qeyd olunanlardan ziyadə həkim Sirus Qoçqani mərhumə Sona Gürgün Vəliyevanın ölümü ilə bağlı mənə bildirib ki, onun liposaksiya əməliyyatları üçün icra etdiyi ”Lipomatik 6d” cihazının “piy emboliyası” vermə riski yoxdur. Belə önəm kəsb edən məlumat əməliyyatdan öncə mərhumənin özünə də verilib. Maraqlı məqam isə ondan ibarətdir ki, “Baku Medikal Plaza”dan mərhumə haqqında verilmiş “ölüm epikirizində” , eləcə də ölüm haqqında şəhadətnamədə ölümün səbəbi kimi  “Kəskin ürək-ağciyər çatışmazlığı və ağciyər arteriyasının piy emboliyası” göstərilir”.

İctimai vəkil məhkəməyə etirazında qeyd edir ki, belədə ortaya sual çıxır: “Əgər Sirus Qoçqaninin qeyd etdiyi kimi, onun istifadə etdiyi cihaz piy emobliyası verməmək kimi zəmanətli özəlliyə malik olubsa, o zaman mərhumənin ağciyər arteriyasının piy emboliyası səbəbindən vəfat etməsini necə başa düşmək olar?!

Aparılan araşdırma və digər mənbələrdən əldə edilən məlumatlara istinadən müəyyən olub ki, “liposaksiya əməliyyatları” riskli əməliyyatlardır və bu əməliyyatlar arasında baş verən ölüm aktlarının səbəbi daha çox “piy emboliyası” sindiromudur. Eləcə də, müəyyən olunub ki, bu əməliyyatlar üçün nəzərdə tutulmuş cihazların emboliya verməmək kimi bir özəlliyi yoxdur. Beləliklə də, buradan aydın olur ki, həkim Sirus Qoçqani bilərəkdən mərhuməni aldatmış, onu əməliyyatın fəsadsız və qorxusuz keçəcəyinə inandırmışdır.

Onu da qeyd edim ki, həkim Sirus Qoçqani icra etdiyi əməliyyatları “instagram” sosial şəbəkəsi vasitəsilə canlı paylaşır. Məhz canlı yayımda Sirus Qoçqaninin köməkçisi liposaksiya əməliyyatının qorxulu olmadığını qeyd edir. Bu isə bilə-bilə yalan reklam etmək deməkdir ki,  bu hərəkət də cinayət məsuliyyəti yaradır.  Bununla da Sirus Qoçqani kompleksli auditoriyanın etibarından sui-istifadə edir. Axı, necə ola bilər ki, orqanizmə invaziv müdaxilə nəticəsində pasiyent üçün heç bir risk və qorxu olmasın?!

Əldə edilən faktlarla bağlı ictimaiyyətin maariflənməsi və mövcud təhlükədən agah edilməsi  məqsədilə Sirus Qoçqani tərəfindən təqdim edilən məlumatlar təməlində mətbu orqanlarda mənim təşəbbüsümlə təhrifsiz yazılar dərc edilmişdir.

Nəticə etibarilə qeyd edim ki, Sirus Qoçqanin işgüzar nüfuzunun ləkələnməsi və onun mənəvi zərərə düçar olması haqqında ehtimalın yaranması belə qeyd edilənlərə əsasən absurddur”.

Qeyd edək ki, Sirus Qoçqani 2019-cu ilin mayında həkim Sona Gürgün Vəliyevanı əməliyyata götürüb. Əməliyyat acı sonluqla başa çatıb, Sona Gürgün Vəliyeva əməliyyat masasında dünyasını dəyişib. Bundan sonra həmin xəstəxanada plastik əməliyyatlar gerçəkləşdirən Sirus Qoçqanin adı növbəti qalmaqalın əsas fiquru kimi yenidən mətbuatın gündəminə qayıtdı. Məlum oldu ki, Sona Gürgün Vəliyeva Sirus Qoçqaninin əli altında dünyasını dəyişən ilk pasiyent deyil.  2 il əvvəl  Sirus Qoçqani daha bir ölüm işində əsas fiqur kimi keçib. “Zəfəran” hospitalda 22 yaşlı model Leyla Oruclu Sirus Qoçqaninin etdiyi əməliyyatdan bir neçə saat sonra dəhşətli ağrılar içində dünyasını dəyişib. Məlum olub ki, Sirus Qoçqani modelin əməliyyata götürülməsinə əks göstərişlər olmasından xəbərdar ola-ola onu əməliyyata götürüb. Nəticə isə pasiyent üçün acınacaqlı olub. Sona Gürgün Vəliyevanın ölümündən sonra da bilinmişdi ki, onun da lipoksasiya əməliyyatına götürülməsinə əks göstərişlərdən Sirus Qoçqani xəbərdar olub. Buna baxmayaraq, pasiyent əməliyyat masasına qaldırılıb və ölüm qeydə alınıb.

Sirus Qoçqanini də dinləməyə, mövqeyini dərc etməyə hazırıq.


Рейтинг@Mail.ru